
- Səfil həyat tərzi keçirən dostlarla ünsiyyət: Bu cür insanlardan daha çox ehtiyatlı olmaq lazımdır. Belə ki, onlar vaxt oğrularının içində ən başda dayanırlar. Xəstəlikləri də tez keçicidir. Bu cür insanlar vaxtlarımızı oğurlamaqla bərabər, bizdə mənfi təsir də qoya bilərlər. Azadlıq sevərlərin sərvəri olan Hüseyn ibn Əlinin belə bir nurani kəlamı vardır: “Səviyyəsiz və alçaq insanlarla oturub-durmaq zərər, fasiq insanlarla oturub-durmaq isə şəkk-şübhə yaradır”.
Fasiq düzgün çərçivədə qərar tutmayan insandır. Belə insan çirkin əməllərə yönəlmiş, düzgün əməllər çərçivəsindən kənara çıxmışdır. Hüseyn ibn Əliyə görə, səviyyəsiz insanlarla ünsiyyət müxtəlif formalı zərərlərə səbəb olacaqdır ki, onlardan ən böyüyü vaxt kimi dəyərli bir sərvətin puç olmasıdır. Fasiq insanlarla ünsiyyət isə insanın qərar tapdığı və düz bilərək əməl etdiyi dəyərlər sistemini məhv edəcəkdir. Bu ünsiyyət insanda etiqad bəslədiyi və əməl etdiyi inanclara qarşı şəkk-şübhə yaradacaqdır. Nəticədə də o, fasiqlər kimi, daxilində olan düzgün əməl çərçivəsindən kənara çıxacaqdır. - Normadan çox yatmaq: Həkimlər insan üçün lazım olan yuxu vaxtının 7-8 saat olduğunu demişlər. Düzdür, yaş həddinə, gün ərzində görülən fiziki işlərin nisbətinə, yaşam tərzinə görə yuxu norması artıb, azala bilər. Lakin orta yuxu həddi qeyd olunan qədər göstərilmişdir. Bəzi irfan əhlinin sözlərində də 7 saat yuxunun adi insan üçün kifayət etdiyinin yazıldığını görmüşəm. Bu vaxtdan artıq yuxu insan üçün bir oğrudur. Çox yatmaq vaxt itkisindən başqa, insan cismi üçün də zərərlidir. Ehtiyacdan azın zərəri olduğu kimi, artığın da zərəri vardır.
- Astagəllik: Bu, əksər insanların bəlasıdır. İnsan on dəqiqəyə görə bildiyi işi yarım saata edir. Bir saata öhdəsindən gələ bildiyi vəzifəni iki saata əncam verir. Nəticədə gün ərzində bir-iki iş görülmüş olur. Gün gedir, vaxt sərf olunur, lakin nəticədə heç bir irəliləyiş olmur. Həyatda zirək olmaq, az pulla çox gəlir əldə etmək üçün çalışdığımız kimi, az vaxtda da çox və mühüm işləri görməyə çalışmalıyıq.
- Televizor, internet: Bu iki vasitə elmi inkişafın ən son nailiyyətlərindən hesab edilir. Lakin bəzən düzgün istifadə edilmədiyi halda inkişaf yerinə tənəzzülə də səbəb olur. Faydalı bilik, tərəqqi, uğur cəhətində bizi irəli aparmayan hər hansı bir veriliş, internet arxasında keçirilən faydasız anlar insan həyatının oğrularındandır. Hətta deyərdim ki, hal-hazırda müasir zamanın ən mahir oğrularındandırlar. Ən möhkəm və diqqətlə qorunan evlərə belə soxulur, istədiklərini almadan getmirlər.
Televizor və internetə həddindən çox aludə olan uşaqlar bundan daha çox zərər çəkməkdədirlər. Bu vərdiş onlar üçün böyüyəndə ayrıla bilməyəcəkləri bir “narkotik”ə çevrilir. Bu cür oğrular həyatımızda çoxdur. Bir az diqqətlə həyatımıza nəzər salsaq, onları rahatlıqla görə bilərik.