Bizimlə əlaqə saxlayın

Uşaq tərbiyəsi

On altı yaşlı oğlumun yaramaz dostları var və onlar mənim oğlumun davranış və danışığına mənfi təsirlər göstərirlər. Mən oğlumun onlarla əlaqəsini necə kəsə bilərəm?

27 Avqust, 2025 185

On altı yaşlı oğlumun yaramaz dostları var və onlar mənim oğlumun davranış və danışığına mənfi təsirlər göstərirlər. Mən oğlumun onlarla əlaqəsini necə kəsə bilərəm?

     Bizim övladlarımızın dostluqları müxtəlif yaşlarda müxtəlif xüsusiyyətlərə malik olur. 4-8 yaş arası uşaqların dostluğu dərin olmur və o, əsasən birtərəfli əlaqə olur. Buna görə də onlar rahatlıqla küsür və dostluğu geniş əhatəli əlaqə saymırlar. Odur ki, valideyn elə də çox çətinlik çəkmədən onların dostluqlarını poza bilir.
     Uşaqlar 14 yaşına kimi öz dostlarının təsiri altına düşürlər, lakin onların arasında yenə də tam ciddi səmimiyyət yaranmır. Buna görə də onların əlaqələrinin kəsilməsinə ümid var. Amma 14 yaşdan sonra onlar səmimiyyət mərhələsinə daxil olurlar, dostluqları möhkəmlənir və dostlarına bərk bağlanırlar.
     Ən dərin və davamlı dostluqlar 14-20 yaş arasında olur. Buna görə də bu yaşlarda övladın dostları ilə əla qələrini kəsmək çox çətindir. Odur ki, bu iş düşünülmüş surətdə və ölçülüb-biçilərək edilməlidir.
     Onun münasib olmayan dostları ilə əlaqələrini kəsmək üçün aşağıdakı məqamlara diqqət edin və təklif edilən üsullardan istifadə edin:
     1. Təzyiq vasitələrindən istifadə etməyin. Çünki o, tərslik edəcək və sizin istəyiniz müqabilində müqavimət göstərəcək.
     2. Əlaqəni kəsmək üçün çox israr etməyin. Çünki bu halda o, həmin əlaqələrə daha da hərisləşəcək.
     3. Onun dostlarına əsla hörmətsizlik etməyin. Bilin ki, yeniyetmənin öz dostları barəsində xüsusi təəssübkeşliyi olur və sizin bu hörmətsizliyiniz ona çox pis təsir edir. Bu da onun dostluğunun davam etməsinə səbəb olacaq.
     4. Siz onun birdən-birə bütün dostlarını kənara qoyacağını və onlarla əlaqələrini kəsəcəyini gözləməməlisiniz. Buna görə də səbirli olun və problemi tədricən həll edin. Belə ki, ondan əvvəl pis xüsusiyyətləri daha çox olan dostlarını kənara qoymasını, qalanları ilə də az ünsiyyətdə olmasını, getdikcə əlaqələri kəsməsini istəyin.
     Həzrət Əli buyurur:
     "Şər adamlardan uzaqlaş ki, onlardan ayrilasan". 
     5. Evinizi və ya onun getdiyi məktəb, sinif, məktəbli avtobusu, idman klubu və mədəniyyət evini dəyişməklə dolayı yolla onun dostları ilə görüşməsinə az şərait yaradın.
     6. Yaxşı qohumlarla daha çox ünsiyyətdə olmaqla onun, pis dostları ləyaqətli dostlarla əvəz etməsinə şərait yaradın.
     7. Əgər övladınız dinə və dini dəyərlərə bağlıdırsa, onu dinin bu barədəki təlimləri ilə tanış edin və yaramaz dostun onun dininə mənfi təsir göstərə bilməsini xatırladın. ("İnsan öz dostunun dinindədir".)
     Bu dəyərlərin təlqin edilməsinin ən yaxşı vaxtı emosional məqamlar və ən yaxşı üsul hiss və duyğuların təhrik edilməsidir. Siz, gərək, yumşaq şəkildə və mehribanlıqla onu pis dostun ciddi zərərləri ilə tanış edəsiniz.
     Yaddan çıxarmayın ki, onun nalayiq dostlarına bir başa işarə etmək onu müqavimətə sövq edəcək. Buna görə də ümumi şəkildə danışmağınız daha yaxşıdır. Ən münasib cümlə bu ola bilər ki: "Oğul, neçə vaxtdır sənin rəftar və davranışın dəyişib. Bir özün diqqət elə, gör bu hardan qaynaqlanır? Bax, gör, bu sənə müəlliminin təsiridir, sinif yoldaşının, ya dostunun?" (Dostu bilərəkdən üçüncü qeyd edin ki, onu qıcıqlandırmasın.)
     Əgər onda dinə bağlılıq varsa, Quranın mübarək ayələri və məsum imamların hədislərindən sitatlar gətirilməsi də ona təsir göstərə bilər.
     Ona deyin ki, Qiyamət günü bəzi insanlar bəzilərini özlərinə dost tutduqları və bu dostluq nəticəsində yollarını azdıqları üçün böyük peşmançılıq keçirəcəklər:
     "Vay olsun mənə! Kaş filankəsi dost tutmayaydım. Həqiqətən, o, Allahın zikr edilərək xatırlanması mənə çatdıqdan sonra o məni ondan yayındırdı."
     İmam Əlinin bu barədəki kəlamı da çox təsirlidir:
     "Nəfsi istək sahibləri ilə yoldaşlıq imanın unudulmasına səbəb olur və o, Şeytanın hüzurudur".
     Əgər indi həmin əlaqəni kəsməyə nail olmasanız, 18-20 yaş arasını əldən çıxarmayın. Çünki bu yaşlarda iş, universitet, ailə qurmaq, hərbi xidmət kimi səbəblərdən dostluqlar davamsız olur.

Dok. Hüseyn Dehnəvi

Tövsiyyə olunan təqlər

Tövsiyyə kitablar