Nobunaqa adlı böyük yapon sərkərdəsi döyüşlərin birində say etibarı ilə özlərindən on dəfə çox olan ordu ilə qarşılaşır. O, döyüşdə qələbəyə inanırdı, lakin əsgərlərinin gözlərində qorxu görürdü. Bu qorxu qəlblərində qələbə qazanacaqlarına şəkk yaratmışdı. Düşmən üzərinə hərəkət edən zaman yarı yolda müqəddəs bir məkanda dayandı və öz əsgərlərinə belə xitab etdi:
-Mən indi bu müqəddəs məkana daxil olub Allaha dua edəcəyəm, oradan gəldikdən sonra isə qəpik pulu göyə tullayacağam. Əgər şəkil olan tərəfi düşsə, biz qələbə qazanacağıq, yazı olan tərəfi düşsə, məğlubiyyətlə üzləşəcəyik. Biz taleyin əlindəyik.
Nobunaqa müqəddəs məkana daxil olur, bir müddət aramca dua edir. Bu ibadətgaha ordu böyük inam bəsləyirdi. Sərkərdə oradan çıxandan sonra pulu göyə tullayır. Pul şəkil olan tərəfi üstdə düşür. Əsgərlər bunu görən kimi böyük sevincə qərq olurlar. Şəkləri yəqinə çevrilir. Nobunaqanın əsgərləri döyüşə vəhşi bir şir kimi daxil olurlar və nəticədə qələbə əldə edirlər. Döyüşdən sonra Nobunaqanın xidmətçisi ona “həqiqətən də, taleyi heç nə dəyişə bilməz, müqəddəs məkanda bizə xəbər verildiyi kimi oldu” – deyir.
Nobunaqa gülərək “bəli, həqiqətən də, taleyi heç nə dəyişə bilməz”, – deyərək ona hər iki tərəfində şəkil olan pulu göstərir.
İnam və yəqin “arxadakı körpülərin yandırılması”, “geri dönüş yoxdur və ancaq irəli” düşüncəsini aşılayır. Şəkk-şübhə isə “alınmasa, qayıdaram”, “çətin olsa, geriyə” anlamına gəlir. Müvəffəqiyyətə inam ən böyük motivasiyalardandır. İnsan üçün nə qədər güclü stimullar olsa da, uğura inamı olmadığı halda fəaliyyətə keçməyəcəkdir. Ayağı kəsik əlil üçün gəzmək hər nə qədər cazibədar görünsə də, bunun üçün kifayət qədər stimullara malik olsa da belə, bunlar onu hərəkətə və gəzmək üçün fəaliyyətə vadar etməyəcəkdir. Əlil bu işin onun üçün qeyri-mümkün olduğunu bilir, gəzə biləcəyinə yəqini yoxdur. İnam- gələcəyi hər iki tərəfə dəyişə bilən batini bir qüvvədir. Bu qüvvə haradan qaynaqlanmasından asılı olmayaraq insanı daim təravətli tutur, həyat çətinliklərindən alınmış yaraları tez bir zamanda sağaldır.
"Arxadakı Körpüləri Yandırın" kitabından