
Övladımın qeyri-məntiqi istəkləri ilə necə davranım?
Övladınızın istəklərinin təqribən 80 faizi məntiqidir. Siz elə ilk gündən onun məntiqi istəklərinə gülər üzlə müsbət cavab verin. Lakin qeyri-məntiqi istəklərinin qarşısında müqavimət göstərin və yolda maşın sürmək istəyi müqabilində təslim olmadığınız kimi, qeyri məntiqi istəklərində də heç vaxt ona təslim olmayın.
Sizin düşünülmüş bu hərəkətiniz "sükut qaydası"dır ki, onda bir neçə məsələyə diqqət etmək lazımdır:
1. Dəlil-sübutun az təsir etdiyi 6 yaşdan aşağı uşaqlarda əvvəlcə, "diqqətin yayındırılması" üsulundan istifadə edin. 6 yaşdan yuxarı uşaqlarda isə əvvəlcə dəlil gətirin və fikrinizi əsaslandırın.
2. Bu iki üsulun təsir göstərmədiyi təqdirdə heç vaxt, hətta əgər ağlasa, qışqırıq salsa, sizin sevimli çini qabınızı sındırsa belə, ona əhəmiyyət verməyin.
3. Mümkün olan hallarda şərti "yox"dan istifadə edin. Məsələn, əgər yeməkdən qabaq şirniyyat yemək istəyirsə, ona belə deyin: Yeməkdən qabaq şirniyyat yemək adamın iştahını küsdürür, amma əgər yeməyini yesən, ondan sonra şirniyyatdan istifadə edə bilərsən.
4. Sükut qaydasından evdə istifadə edin ki, sizin təslim olmaq ehtimalınız azalsın. Bu qaydadan mağaza, yaxud qonaqlıqda istifadə etmək başqalarının sizi daşürəkli adlandırmalarına, yaxud digər qonaqların narahat edilməməsi üçün sizin təslim olmağınıza sabəb ola bilər. (Uşağın mağazada ağlayıb qışqırıq salmasının qarşısını almaq üçün evdən çıxmamışdan ona alacağınız şeylərin siyahısını göstərin və ondan tələb edin ki, sevdiyi iki cür yeməli şeyin adını da o desin və siz həmin iki şeyi də siyahıya əlavə edin. Bu, uşağı mağazada sizdən həmin iki şeydən əlavə başqa şey istəməməyə hazırlayacaq.)
5. Sizin ona əhəmiyyət verməməyiniz, gərək, hərtərəfli olsun. Yəni danışmayasınız, üzünüzdə narahatlıq hissi olmasın, otaqda o tərəf bu tərəfə getməyəsiniz, əlinizi qulağınızın üstünə qoymayasınız, başınızı əlinizlə tutmayasınız, onun bacı, yaxud qardaşı ilə savaşmayasınız… Bu davranışların hamısı onun sizin təslim olacağınıza ümidini artırır.
Əgər onun əsəbi ağlamasına dözə bilmirsinizsə, onu başqa bir otağa aparın və ona deyin ki, həmin otaqda ağlasın. Əgər onun üçün hansısa bir təhlükə yaranması ehtimalı yoxdursa, siz otağı tərk edə bilərsiniz.
6. Sükut qaydasının təsirli olması üçün ailənin bütün üzvləri birgə hərəkət etməlidirlər. Əgər siz ona əhəmiyyət verməsəniz və həmin vaxt başqaları ona diqqət göstərsələr, sükut qaydasının təsiri olmayacaq.
Düşünülmüş diqqətsizliyin təsiri bu olur ki, sizin övladınız ağlayıb qışqırmaqla sizi təslim etməyin mümkün olmadığını başa düşür və tərk-silah olur. Beləliklə, o, ağlamaq və qışqırıq kimi silahının əldən çıxdığını başa düşür.
Tövsiyə edirik ki, bu qaydadan ilk dəfə istifadə edəndə uşaq ağlayıb sakitləşəndən sonra onun istəyinin bənzərini yerinə yetirin və ona deyin ki, ağlamayanda daha sevimli olur. Uşaq sakitləşəndən sonra heç vaxt "gördün ki, ağlamaqla istəyinə çata bilməzsən?", yaxud "gördün ki, ağlamağın xeyri yoxdur?" və buna bənzər cümlələrdən istifadə etməyin. Siz bu cür cümlələrlə onu təhqir etmiş olur və inadkarlığa sövq edirsiniz.
Dok. Hüseyn Dehnəvi