Müxtəlif yaşda olan uşaqlar üçün hansı məsuliyyətlər münasibdir?
Hər bir yaş özünə münasib məsuliyyət tələb edir.
Yeni ayaq açmış uşaqlar: Çirkli paltarların xüsusi səbətə qoyulması, quru zibillərin otaqdan yığışdırılaraq zibil qabına atılması, oyuncaqların yığışdırılması və s.
3-4 yaşlı uşaqlar: Öz paltar və ayaqqabısını geyinmək, paltarlarının düyməsini bağlamaq, şalvarın zəncirbəndinin bağlanması, saçın daranması, əl-üzün yuyulması və s.
5 yaşlı uşaqlar: Siyirmə və çarpayını səliqəyə salmaq, yuyulmuş paltarları bir-birindən ayırıb qatlamaq, corabları cütləmək, süfrəni yığışdırmaq (əlbəttə, təhlükə olmayan təqdirdə), yemək yeyilib qurtarandan sonra boşqablarda artıq qalmış yeməkləri xüsusi torbaya tökmək, həyətdəki ağac yarpaqlarını yığmaq, gülləri suvarmaq və s.
6 yaşlı uşaqlar: Öz dırnağını tutmaq, çörək, qatıq, göyərti və s. almaq, ana qabları yuyandan sonra onları qurulamaq (əlbəttə, yaxşı olar ki, qabların sınmasının qarşısını almaq üçün qaşıq, çəngəl və sınmayan boş qablardan başlasın).
7-12 yaşlı uşaqlar: Çiməndən sonra hamamı təmizləmək, öz komodunun siyirmələrini təmizləmək, təmizləyici maddə ilə televizor və güzgüləri silmək, qabları yuyub qurulamaq, ayaqqabıları mazlamaq, paltarları ütüləmək, paltarın düyməsini tikmək, tozsorandan istifadə etmək, başı yuyub qurulamaq, özündən balaca qardaş və ya bacısı üçün kitab oxumaq və s.
12-18 yaş arası yeniyetmələr: Salat hazırlamaq, hazır supların qızdırılması, suda yumurta bişirmək, omlet bişirmək, jele hazırlamaq, hamburqer qızardılmas, ətin tikə-tikə doğranması, bağçada alaq otlarının təmizlənməsi, avtomobilin yuyulması, qapıların yağlanması, velosipedin yağlanması, tozsoranın torbasının dəyişdirilməsi, kondisionerin və mətbəx aspiratorunun filtirinin dəyişdirilməsi, su kranlarının rezin şaybalarının dəyişdirilməsi, qaz suqızdırıcısının yandırılması, paltar yumaq, xalça şampunundan istifadə etmək, bank hesabına pul qoymaq, su, işıq və qaz qəbzlərinin ödənilməsi, öz cibxərcliyinin xərclənməsi barədə qərar qəbul etmək, kinoteatr, yaxud qatar üçün bilet sifariş etmək, uzaq şəhərlə telefon əlaqəsi yaratmaq və s.
Uşaqların məsuliyyətli olmasında örnəklər, xüsusilə ata və ana mühüm rol oynayır və onların bu rolu uşaqlara məsuliyyət hissinin aşılanmasının əsas hissəsini təşkil edir. Buna görə də, gərək, valideynlər öz atalıq və analıq məsuliyyətlərinə ciddi əməl etsinlər və məsuliyyətdən qaçmaqdan çəkinsinlər.
Əgər uşaqlar görsələr ki, onların valideynləri özlərinin çətin və ağır olan vəzifələrinə əməl edirlər, onlar da məsuliyyətli olmağı öyrənərlər.
Valideynlərin örnək təzahürlərindən biri onların bir birinin qarşısında məsuliyyət hiss etməsidir. Ata ilə ananın bir-biri ilə düz gəlməsi, onların uşaqların istək və məsuliyyətləri barədə bir-biri ilə razılaşması olduqca əhəmiyyətlidir. Buna görə də övladınızı məsuliyyətə cəlb etməzdən qabaq öz aranızda razılığa gəlin.
Valideynlərin övladlarla davranışda sabit mövqedə olmamaları, onların məsuliyyət məsələsindəki örnək roluna böyük zərbə vurur. Sabit mövqedə olmamaq dedikdə məqsəd onların özləri də bilmədən uşaqlara verdikləri göstərişləri, tələbləri dəyişdirmələri və həmin tələblərdə ciddi olmamalarıdır. Əlbəttə, səbatsızlıqla yolagetmə səhv salınmamalıdır. Yolagetməyin mənası valideynlərin uşaqda məsuliyyət hissi yaratmaq üçün müxtəlif yolları sınaqdan keçirmələri və bir üsul üzərində təkid etməmələridir. Uşağın valideynin məsuliyyətli işi, məsələn, məsuliyyətli işlərdən olan alış-verişi necə yerinə yetirməsini yaxından görməsi üçün valideynin alış-verişə gedəndə onu özü ilə aparması da məqsədəuyğundur.
Dr. Hüseyn Dehnəvi