Səkkiz yaşlı oğlum oynayanda məğlubiyyəti həzm edə bilmir. Onun dözümlülüyünü necə artıra bilərəm?
07 June, 2025
Səkkiz yaşlı oğlum oynayanda məğlubiyyəti həzm edə bilmir. Onun dözümlülüyünü necə artıra bilərəm?
Bəzi uşaqların məğlubiyyətə dözə bilməmələrinin səbəbi onların özünəinam hisslərinin aşağı olmasıdır. Oyun terapiyası mütəxəssisi Boviçin (v. e. 1998) nəzərincə, "özləri barədə pis və mənfi fikirdə olan uşaqlar oyunda udmağa daha çox əhəmiyyət verirlər". Əgər övladınızın bu barədəki dözümünü artırmaq istəyirsinizsə, onun özünəinam hissini gücləndirin.
Heç vaxt övladınızı daha yaxşı oyunçu olan qardaşı, bacısı, yaxud həmyaşıdı ilə müqayisə etməyin. Yaxşı olar ki, oyundan qabaq udub-uduzmaq barədə izahat verə və deyəsiniz ki, böyük idmançılar həmişə qalib olmadıqları kimi, insanın da həmişə qalib olması lazım deyil. O, gərək, udub-uduzmağın da növbə ilə olduğunu başa düşsün.
Bəzi valideynlər öz övladları ilə elə oynayırlar ki, nəticədə həmişə uşaq qalib olur. Tövsiyə edirik ki, arada onun uduzmasına da şərait yaradın və o, uduzandan sonra onun ötən qələbəsini yadına salın.
Onun sizinlə rəqabətsiz (udan və uduzanı olmayan) oyunlar oynaması və həmçinin onun həmyaşıdları ilə bu qəbildən olan oyunlar oynamağa təşviq edilərək həvəsləndirilməsi də bu problemin azalmasına müsbət təsir göstərə bilər. Təxminetmə oyunları ("ya ondadı, ya bunda"), şara zərbə vurmaq, kiçik topların deşiyə atılması, həmçinin sizin övladınızdan kiçik uşaqlar üçün gizlənqaç, kub fiqurlardan bina tikmək rəqabətsiz oyun nümunələridir.
Uşağın həmyaşıdları ilə oynayan zaman uduzmasının ona ağır gəlməsinin səbəblərindən biri valideynin düşünülməmiş davranışıdır. Valideynlərin udub-uduzmaq məsələsinə həddən artıq diqqət etmələri, övladlarının qələbə qazanmalarına çox sevinmələri, məğlubiyyətlərinə çox narahat olmaları, "uduzan adam heç nəyə yaramır" kimi ifadələr işlətmələri həmin davranışlardandır.
Yaxşı olar ki, məğlubiyyətin əhəmiyyətsiz olmasını ona əməli şəkildə də öyrədəsiniz. Belə ki, oyunda uduzan zaman (bəzən özünüz bilərəkdən uduzun) çox rahatcasına "mən uduzdum, amma, həqiqətən, maraqlı və gözəl oyun idi" deyin.
Dok. Hüseyn Dehnəvi