On üç yaşlı oğlum ağzından pis sözlər çıxarır. Bunun səbəbi nədir və mən onunla necə davranım?
18 Oktyabr, 2024On üç yaşlı oğlum ağzından pis sözlər çıxarır. Bunun səbəbi nədir və mən onunla necə davranım?
Bunun müxtəlif səbəbləri var:
1. Öməklər: Əgər valideyn və yaxınlar bir-biri, yaxud başqaları ilə belə danışsalar və pis sözlər desələr, uşaq da elə edəcək. Buna görə də mühiti düzəltmək lazımdır.
2. Müstəqillik nümayişi: Yeniyetmə bəzən həmin işi öz müstəqilliyini sübut etmək üçün edir. Buna görə də aşağıdakı yollarla ona bu əməlin pisliyini başa salmaq lazımdır.
3. Əsəbilik: Əsəb yeniyetmənin pis sözlər danışmasında çox əhəmiyyətli və təsirli amillərdən olduğu üçün, onun əsəbləşməsinə səbəb olan şəraitin aradan qalxmasına çalışın.
4. Həmyaşıdlar: Yeniyetmə söyüşcül həmyaşıdlarından çox təsirlənir. Buna görə də yumşaqlıq və məhəbbətlə, onu dolayısı ilə pis dostlar barəsində məlumatlandırmaqla onun həmin şəxslərlə əlaqələrini kəsin.
Bir neçə tövsiyə
A. Uşaqların bu nalayiq işdən qorunmasına lap kiçik yaşlardan diqqət etmək lazımdır. Sizin azyaşlı və şirindil balanız dilinə pis söz gətirəndə sevinməyin və hisslərə qapılmayın. Dərhal sakit şəkildə ona dediyi sözün pis söz olduğunu başa salın.
B. Yeniyetmə övladınızın pis sözü qarşısında hay-küy qoparmayın və şoka düşmüş adam ədası çıxarmayın.
C. Yeniyetmənin pis sözlər danışması ilə qarşılaşan zaman yalnız üzünüzü turşudun və emosional məqamlarda yumşaq sözlərlə onu bu işdən çəkindirin. (Uşaq və yeniyetmələr arabir ata-anaya qarşı emosional hiss keçirirlər, onları qucaqlayır, öpür və sevgilərini nümayiş etdirirlər. Bunun səbəbi onların ya ötən gecə ata-analarını itirmək barədə kabus görmələridir, yaxud məktəbdə həmyaşıdlarından kiminsə öz ata-anasını itirməsini eşitmələri, ya da hansısa emosional filmə baxmalarıdır. Bu emosional məqam uşağın nalayiq işlərdən çəkindirilməsi üçün ən yaxşı vaxtdır. Çünki onun psixoloji müqaviməti özünün ən aşağı həddinə çatır.) Ona deyin ki, söyüş söymək və pis sözlər danışmaq başqalarının hisslərinə toxunur və ola bilər, buna görə ona ziyan dəysin.
Ç. Yeniyetməni həmin işdən çəkindirəndə "özünə dəyər" əsaslandırma üsulundan (söyüş söyəndə sənin şəxsiyyətinə xələl gəlir və cəmiyyət arasında dəyərsizləşirsən) və "başqasınadəyər əsaslandırma" üsulundan (sən söyüş söyəndə mənim şəxsiyyətimə toxunursan, çünki mən sənin ananam) istifadə edin.
D. Əgər söyüş söymək onun üçün adət halını alıbsa, ona başa salın ki, bir müddət həmin pis sözü zehnində və ya dili altında yavaşdan desin.
E. Pis sözlərin yerinə nisbətən münasib sözlər tapın ki, əsəbləşəndə hirsini onlarla soyutsun. Məsələn, o, "qanmaz" yerinə, "məntiqsiz" kəlməsindən istifadə edə bilər.
Ə. Pis sözlər danışması davam edən təqdirdə qabaqlayıcı üsullardan, xüsusilə cib xərcliyinin azaldılmasından istifadə edin. Ona başa salın ki, ağzından çıxan hər pis sözə görə cib xərcliyindən müəyyən məbləğ kəsiləcək.
F. İrəliləyiş yarananda tərif və təşviqi yaddan çıxarmayın.
Dr. Hüseyn Dehnəvi