Nə üçün uşaqlar başqalarının malına əl uzadırlar?
Təəssüflə qeyd etmək lazımdır ki, bəzi valideynlər bu məsələ ilə qarşılaşanda (uşağın başqasının malına ǝl uzatmasını görəndə) ona dərhal "oğru" damğası vurur, onu kəskin şəkildə danlayırlar.
Bu davranışın səbəblərini qeyd etməmişdən öncə, bu məsələni vurğulamağı lazım bilirəm ki, itmiş şeyi övladınızın götürməsindən əmin deyilsinizsə, heç bir reaksiya verməyin. Bir çox hallarda uşaq danlandıqdan sonra itmiş şey tapılır.
1. Diqqətin cəlb edilməsi: Uşaq üç aydır məktəbə gedir. Lakin məktəb rəhbərliyi ona diqqət göstərməyib. O, dostunun əşyasını götürür və sonra müəllimlər otağına müraciət edir ki, onu danlasınlar və diqqətləri özünə cəlb etsin.
Buna görə də ailə və məktəb rəhbərliyinə tövsiyə edirik ki, onların diqqətə fitri ehtiyaclarının azalması üçün uşaqlara diqqət etsinlər və onlar xoşagəlməz yollarla özlərini göstərməyə məcbur olmasınlar.
2. İntiqam almaq: Dilarə ilə Elnarə bacıdırlar. Böyük bacı olan Dilarə Elnarəni döyür. Elnarə onun qarşısında müqavimət göstərə bilmədiyi üçün Dilarənin saatını götürür, sonra Dilarənin cəzalandırılması üçün atasına deyir ki, Dilarə saatını itirib. O bu yolla Dilarǝdən intiqam almaq istəyir. İntiqam alındıqdan sonra o, saatı qaytarıb əvvəlki yerinə qoyur.
Belə məqamlarda uşağa insaf dərsi öyrətmək lazımdır ki, intiqamalma üçün qeyri-insani yollardan istifadə etmək olmaz.
3. Rəqibi qabaqlamaq: Həmid ilə Səid dərsdə bir-birinə rəqibdirlər. İmla dərsidir. Müəllim imla demǝyǝ başlayır. Həmid Səidin qələmini götürür ki, Səid yazmağa gec başlasın və bir az geri qalsın, təşviş keçirsin və qiyməti Həmiddən aşağı olsun.
Təbii ki, Həmid istəyinə çatandan sonra Səidin qǝləmini qaytarıb öz yerinə qoyur. Bu kimi hallarla qarşılaşanda Həmidə başa salmaq lazımdır ki, o öz dost və rəqibi ilə sağlam rəqabət aparmalıdır. Əks təqdirdə onun aldığı yaxşı qiymətin heç bir dəyəri olmayacaq.
4. Başqaları ilə həmrənglik: Ata öz oğluna çox bahalı və misli olmayan bir qələmqabı alır. Uşaq məktəbə gedir və qələmqabı çox gözəl olduğuna görə həmyaşıdları onun başına yığışır, ona məhəbbət göstərirlər. Lakin bir neçə gündən sonra başqalarından seçildiyi üçün onun başından dağılışırlar. Şagird başqaları ilə həmrəng olmadığını hiss edir. Buna görə də o, həmyaşıdlarınınkı kimi adi qələmqabı götürür ki, başqaları ilə həmrəng olsun və yoldaşları ona da diqqət etsinlər.
Əziz valideynlərə tövsiyə edirik ki, uşaqların ehtiyacı olan ləvazimatı alanda onun həmyaşıdlarının ümumi səviyyəsini nəzərə alsınlar və ayaqlarını həmin çərçivədən kənara qoymasınlar.
5. İnhisarçılıq: Bəzən valideynlər istisnasız olaraq uşağın istədiyi hər şeyi alırlar. Bu davranış uşağın bǝzən dadılması lazım olan uğursuzluğu dadmasına mane olmaqdan əlavə, onda inhisarçılıq ruhiyyəsi yaradır və o, elə bilir ki, dünyada olan hər şey onundur və başqalarının əşyalarını icazəsiz götürmək olar.
6. Böyüklərin zövqünün zorla qəbul etdirilməsi: Uşağın ehtiyacı olan əşyaları alanda ona öz zövqünüzü qəbul etdirməyin. Çünki bu halda o, həmin əşyadan xoşu gəlmədiyi üçün dostunun əşyasını götürəcək.
Dok. Hüseyn Dehnəvi