Mən övladlarımı ancaq dil ilə və gözəl sözlərlə təşviq edirəm. Sizin nəzərinizcə, bu kifayətdir, yoxsa maddi təşviqin də olması zəruridir?
Təşviqin müxtəlif növləri var və yaxşı olar ki, onların hamısından istifadə edəsiniz.
1. Söz ilə təşviq: "Afərin, bəh-bəh, maraqlıdır, çox yaxşıdır və s." kimi sözlərdən, "gördüyün iş çox yaxşı işdir", "işindən çox xoşum gəldi", "belə bir müvəffəqiyyət qazandığın üçün çox şadam" və s. cümlələrdən İstifadə edin. Çalışın, söz və cümlələrdə rəngarənglik yaradasınız. Həmişə yeknəsəq ifadələrdən istifadə etməyin.
2. Əməli təşviq: Bəzən məhəbbət dolu bir baxış, başın hərəkət etdirilməsi, məmnunluq əlaməti olaraq sifətin mimikasının dəyişməsi, öpmək, qucaqlamaq və s. heyrətamiz təsirlər göstərə bilər.
3. Yazılı təşviq: Təşviqin digər bir növü yazıdan istifadədir. Belə ki, övladınızın yaxşı və bəyənilən davranışlarını yazın və həftənin sonunda onun özünə göstərin. Yaxud müəyyən münasibətlərdə poçt kartoçkası tapın və ona məhəbbət dolu cümlələr yazın.
4. Maddi təşviq: Bir siyahı tutun və onda gündəlik, həftəlik və aylıq maddi təşviqləri qeyd edin və övladınızın fəaliyyətini və onun rəftarının əhəmiyyətini nəzərə alaraq onlardan istifadə edin.
Gündəlik təşviqlər ucuz qida məhsullarından, həftəlik maddi təşviq parka, kinoya, dost və qohumların evinə getməkdən, aylıq maddi təşviq isə oyuncaqdan və ya övladınızın xoşu gələn əşyaların alınmasından ibarət ola bilər. Çalışın, yeməli şeylər və oyuncaqların alınmasında rəngarənglik yaradın və yeməli şeylərin qida dəyərini, həmçinin oyuncaqların milli-mənəvi dəyərlərə uyğunluğu məsələsini nəzərdən qaçırmayın.
Təşviqdən düzgün istifadə etmək üçün övladlarınızın cüzi inkişaflarına diqqət edin və şaxəli diaqram və cədvəldən istifadə etməklə, kart imzalamaqla və s. onun inkişafını qeyd edin.
Uşaqların gündə ən azı üç, yeniyetmələrin isə gündə bir dəfə təşviqə ehtiyacı var. Bəzi valideynlərin böyük nöqsanı budur ki, onlar öz övladlarının müsbət cəhətlərini görmürlər. Təəssüf ki, onlar övladlarının yalnız mənfi cəhətlərini görürlər. Gərək, çalışıb güzgü kimi olaq və bütün müsbət və mənfi cəhətləri birlikdə görək. Yalnız mənfilikləri görmək olduqca pis xüsusiyyətdir.
Dok. Hüseyn Dehnəvi