Övladlarımı təşviq etmək istəyirəm, lakin onun şərtlərini bilmirəm. Xahiş edirəm, mənə yol göstərin.
24 Noyabr, 2025 72
Övladlarımı təşviq etmək istəyirəm, lakin onun şərtlərini bilmirəm. Xahiş edirəm, mənə yol göstərin.
Əgər təşviqinizin təsirli olmasını istəyirsinizsə, onun barəsində aşağıdakı şərtlərə riayət etməlisiniz:
1. Təşviq sizin övladınızın yaşı ilə uyğun olmalıdır. Məsələn, nəvaziş etmək, öpmək, qucağa götürmək körpələr üçün, söz ilə təşviq və maddi ehtiyacların aradan qaldırılması isə yeniyetmələr üçün daha münasibdir. Əlbəttə, fiziki ünsiyyətə (nəvaziş etməyə, öpməyə və qucaqlamağa) yeniyetmələrin də ehtiyacı var.
2. Təşviq, gərək, övladınızın rəftarı və inkişafına müvafiq olsun. Cüzi inkişaf üçün böyük təşviqlərin edilməsi böyük inkişafların qarşısını alır və daha təşviqə bir səbəb qalmır.
3. Təşviq, gərək, həqiqi olsun. İntellekt səviyyəsi aşağı olan uşağın "sən ağıl dəryasısan" kimi ifadə ilə təşviq edilməsi düz deyil. Çünki o özü öz intellektual səviyyəsindən xəbərdardır və onu bu cür təşviq edən valideyni ya kəmağıl, ya da yalançı sayır.
4. Təşviq, gərək, birbaşa olsun. Həyat yoldaşınıza "övladımızın gördüyü işə görə şadam" deməyin və birbaşa övladınıza "sənin gördüyün işə görə şadam" deyin.
5. Başqalarının yanında edilən təşviq, xüsusilə uşaqlar barəsində möcüzə yaradır. Bu, gərək, yeniyetmələr barəsində qısa və düşünülmüş (təbii və əsaslı) olsun. Bəzi yeniyetmələr valideynlərinin onları başqalarının yanında tərifləməsini xoşlamırlar.
6. Təşviqlər, gərək, ümumi deyil, konkret olsun. Məsələn, "sən işini yaxşı yerinə yetirirsən", yaxud "afərin əzizim" kimi ifadələr ümumi ifadədir. Yaxşı olar ki, belə deyəsiniz: Otağını səliqəyə saldığına görə və ya ev tapşırıqlarını yerinə yetirdiyin üçün şadam".
7. Təşviq, gərək, dəyərləndirmə kimi deyil, minnətdarlıq və vəsf formasında olsun. "Minnətdarlıq və vəsf formasında olan təşviq" uşağın rəftarının təriflənməsidir ("gördüyün iş yaxşı idi"; "düz danışdığın üçün sənə minnətdaram"). Lakin dəyərləndirmə təşviqində ("səndən yoxdu"; "sən yaxşısan"; "sən qəhrəmansan"; "sən doğruçusan"; "sən məsuliyyətlisən" kimi ifadələrlǝ) uşaq özü təriflənir.
Dəyərləndirmə təşviqi uşağın inkişafının qarşısını alır. Məsələn, Əli basketbol meydanında gözəl fəndlə topu səbətə atır. Məşqçi ona deyir ki, "sən basketbol qəhrəmanısan." Həmin an Əli sancılandığını bəhanə gətirərək meydanı tərk edir ki, qəhrəmanlıq titulunu əldən verməsin.
Dəyərləndirmə təşviqi qürur və məğrurluq gətirir. Bundan əlavə, o, uşağı stressə sövq edir. Məsələn, Əhməd atasının sualına düz cavab verir və atası onu "sən doğruçusan" deyə təşviq edir. Bundan sonra Əhmədin bütün vücudunu stress bürüyür. Çünki o, bundan əvvəl atasına yalan deyib və indi qorxur ki, birdən yalanı üzə çıxar və atasının ("sən doğruçusan") təşviqi aradan qalxar.
Dok. Hüseyn Dehnəvi