Bizimlə əlaqə saxlayın

Sosiologiya

Fiziki cəzalandırmanın nə kimi mənfi nəticələri var?

25 Noyabr, 2025 72

Fiziki cəzalandırmanın nə kimi mənfi nəticələri var?

     Fiziki cəzalandırma istisna halları çıxmaq və şəraitə riayət etmək şərti ilə əsla tərbiyənin münasib üsulu deyil. Çünki insan öyüdlə ədəblənir və vurulmaq heyvanlara aiddir.
Həzrət Əli buyurur:
     "Ağıl sahibi öyüd-nəsihətlə islah olur, heyvanlar isə döyülməkdən başqa yolla düzəlmirlər". (Biharul-ənvar, c. 71, s. 327)
     1. Şəxsiyyətin alçaldılması: Döyülən uşaq və ya yeniyetmənin şəxsiyyəti alçaldılır. Şəxsiyyəti alçaldılan adamdan xeyir gözləmək olmaz və başqaları onun şərindən amanda olmazlar.
     "Özündə şəxsiyyət hiss etməyən kəsdən xeyir gözləmə". (Ğürərul-hikəm, c. 2, s. 712)
     "Özündə şəxsiyyət hiss etməyən kəsin şərindən qorx". (Biharul-ənvar, c. 75, s. 300)
     2. Təslimçilik ruhiyyəsinin yaradılması: Fiziki cəza sizin övladınızı başıqapazlı və xar formalaşdıracaq və o, gələcəkdə başqalarına da ona zor tətbiq etmək icazəsi verəcək, özünü müdafiə etmək gücünə malik olmayacaq.
     3. Cəza verənə qarşı kin saxlamaq: Uşaq qəlbində ona fiziki cəza verənə qarşı kin saxlayır və gələcəkdə ondan müxtəlif formalarda (dərs oxumamaqla, ibadətdə səhlənkarlıq etməklə, intizamsızlıqla, xoşagəlməz işlərlə və s.) intiqam alır.
     Bir ağa öz nökərinə söz verir ki, bir daha onu incitməyəcək. Nökər ağasının düz dediyinə əmin olandan sonra şirin təbəssümlə və tam avamlıqla deyir: "Onda bundan sonra mən də sizin yeməyinizin içinə tüpürməyəcəyəm".
     4. Cinayətkarın cinayətdə püxtələşdirilməsi: Döyməklə övladlarının xoşagəlməz əməllərini islah etdiklərini iddia edən bəzi valideynlərin təsəvvürünün əksinə olaraq qeyd etmək istərdik ki, əslində məsələ onlar deyən kimi deyil. Onlar uşağı döyməklə onu cinayətdə daha da püxtələşdirirlər. Belə ki, onlar fiziki cəza verməklə uşağa başa salırlar ki, nalayiq iş görəndə daha diqqətli olsunlar və tələyə düşməsinlər.
     5. Stress: Uşaq və ya yeniyetmə daim stress içində olur ki, mǝbada əvvəlki işinə bənzər iş görər və bir daha, xüsusilə başqalarının yanında cəzalandırılar.
     6. Özünəinam hissinin itirilməsi: Həmişə cəzalandınlan uşaq özünəinam hissini itirir və böyük işlər görməyə cürət etmir.
     7. Zorakılıq ruhiyyəsi: Bundan sonra o da özündən zəifə (özündən kiçik bacı və qardaşına, digər uşaqlara) qarşı zor işlədir və onları döyür. Əgər bu mənfi nəticəni tam yəqinliklə dərk etmək istəyirsinizsə, onun özündən kiçik bacı və qardaşı ilə rəftarına baxın. O da eynən sizin kimi onları danlayır və hətta sizin onun barəsində işlətdiyiniz sözləri işlədir.

Dok. Hüseyn Dehnəvi

Tövsiyyə olunan təqlər

Tövsiyyə kitablar