
Uşaq və yeniyetmələrdə stressin əlamətləri nədir?
Stressin zəif və güclülüyündən asılı olaraq əlamətləri də fərqli olur.
İlkin mərhələdə əl və ayağın oynadılması, şalvarın yuxarı çəkilməsi, dodağın dişlənməsi və ya sorulması, qələm, saç, köynəyin düyməsi və s. kimi şeylərlə oynamaq.
Bu əlamətlər hamıda olan ümumi stress əlamətləridir və elə də nigaran olmağa dəyməz. Uşaq və yeniyetmə dərslərini yazmaqla məşğul olur və televiziyada xoşu gələn veriliş başlayanda stress keçirir, durmadan əl, yaxud ayağını oynadır.
Sonrakı mərhələ daha kəskin olur: fəaliyyət pozğunluğu, əsəbi vərdişlər (məsələn, dırnaq yemək, dodağın dərisini, yaxud saçı qopartmaq, dəri və ya saçı dartmaq, bədəndə olan yaranı qopartmaq, dişləri bir birinə sıxmaq), ürək döyüntüsü, kobudluq, tik, yəni sinir atması (məsələn, gözün qırpılması, qaşların yuxarı qaldırılması, ağızın büzülməsi), əl-ayağın soyuması, yuxusuzluq, kabus, sidiyə getməyin artması və s.
Bu əlamətlər iztirabın daha ciddi göstəricisidir və onlara diqqət etmək lazımdır.
Bu mərhələdə iztirabın ən mühüm səbəbi ata, ana arasındakı konflikt və qarşıdurmadan, yeni övladın dünyaya gəlməsindən və s. doğan ruhi və psixoloji sıxıntılardır.
Daha kəskin mərhələdə (vahimələnmə) üzün rəngi qaçır, əl və bədən tərləyir, tənəffüs sürəti artır, ürək bulanır, başgicəllənmə və möhkəm ürək döyüntüsü yaranır, sidik axır və s.
Simpatik sinir sisteminin (insan bədənində təbii bir proses) göstəricisi olan bu əlamətlər qəfil qorxu, vahimə yaradan səhnə və ya kabus kimi çox güclü amildən xəbər verir ki, onu yaradan şərait aradan qaldırılmalıdır.
Yeniyetmə və böyüklərdə stressin öncə deyilənlərdən əlavə, digər əlamətləri də var və onlar aşağıdakılardan ibarətdir:
Yüngül işlərə meyil, diqqətsizlik, guşənişinlik, qǝbizlik, qanın sancıları, cinsi hormonun azalması, yuxu pozğunluğu, vasvasılıq meyillərinin artması (qapının qıfılının bağlanmasının, işığın söndürülməsinin, su kranının bağlanmasının və s. yoxlanılması), spirtli içkilərin qəbulu, siqaret çəkmək, az yemək, zahiri səliqə sahmana əhəmiyyət verməmək, avtomobilin vəhşicəsinə idarə olunması, qəti qərara gələ bilməmək, yaddaş pozğunluğu, mənfi özünütənqid fikirlərinin artması, hormonların ifrazında pozğunluq və s. Məsələn, o, tiroksin hormonunun artmasına, bu da çəkinin azalmasına, ürək döyüntülərinin çoxalmasına, əsəbiliyə və yuxusuzluğa səbəb olur. Həmçinin kortizon hormonunun artmasına səbəb olur ki, bu da insanın yoluxucular və digər xəstəliklər müqabilində müqavimətinin zəifləməsi ilə nəticələnir. Stress xolesterolun artmasına səbəb olur ki, bu da ürək tutmalarında əsas amillərdəndir.
Dok. Hüseyn Dehnəvi