On iki yaşlı oğlum dırnağını çeynəyir. Bunun səbəbi və əlacı nədir?
13 Sentyabr, 2025 79
On iki yaşlı oğlum dırnağını çeynəyir. Bunun səbəbi və əlacı nədir?
Dırnaq çeynəmək ən geniş yayılmış əsəb xəstəliyidir və o, bağırsaqlarda infeksiya yaratdığı və barmaqları xarab etdiyi üçün müalicə edilməlidir. Bu əməl əsəbi və aqressiv yeniyetmələrdə daha çox müşahidə edilir. Onlar təşviş və hər hansı psixoloji sıxıntı hiss edən kimi dırnaqlarını çeynəyirlər.
Bu yaşda olan uşaqların dırnaq çeynəmələrinin ən mühüm səbəbləri aşağıdakılardan ibarətdir:
1. Ailə münaqişələri: Ola bilər, yeniyetmə qürur hissinə malik olduğu üçün ata-ana arasında dava və münaqişə baş verəndə zahirdə reaksiya verməsin, amma o, daxildə əsəb iltihabına məruz qalır və bu əsəb iltihabı özünü dırnağın çeynənilməsi şəklində göstərir. Buna görə də konfliktləri aradan qaldırmaq lazımdır.
2. Hədsiz umacaq: Yeniyetmədən, xüsusilə dərsində bacarığından artıq şey gözləmək onu imtahandan qabaq stressə məruz qoyur və bu stress onun öz dırnaqlarını çeynəməsinə səbəb olur. Umacaqlarınızı məntiqiləşdirin və yeniyetmənizdən onun intellektual səviyyəsinə müvafiq nəticə gözləyin. Yeniyetməyə başa salın ki, o, vəzifəsini yerinə yetirməlidir. O, nəticənin necə olmasına görə məsuliyyət daşımır və əgər boynuna düşən vəzifəyə bacardığı qədər əməl etsə, başqa şey barəsində nigaran olmamalıdır.
3. Həmyaşıdlara aid problemlər: Bəzən məktəb və ya məhəllədə həmyaşıdlarla qarşıdurma və ya güclü rəqabətin olması stress yaradır. Atanın öz yeniyetməlik dövrünün xatirələri çərçivəsində yeniyetmə ilə söhbət etməsi, ona müsbət rəqabəti və həmyaşıdları ilə qarşıdurmaya getməməyi aşılaması bu stressin azalmasında təsirlidir.
Bir neçə tövsiyə
A. Bu rəftara çox reaksiya və həssaslıq göstərməyin. Yeniyetmənin diqqət cəlb etməyə ehtiyacı olduğu üçün sizin bu rəftara çox diqqət etməyiniz problemi daha da çətinləşdirə bilər.
B. Problemin həlli üçün danlaq, qınaq, təhdid və ya tənbehdən çəkinin. Bu cür rəftarlar onun psixoloji sıxıntısını daha da artırır və problemi böyüdür.
C. Onun əl ilə daha çox fəaliyyət göstərməsinə (kompüter, rəsm çəkmək, konstruksiya qurmaq və s.) şərait yaradın.
Ç. Ona özünü sakitləşdirmək (relaxation) yollarını öyrədin. Ona başa salın ki, dırnağını çeynəmək istəyəndə əllərini möhkəm sıxsın və 15-ə kimi saysın, sonra onu birdən buraxsın. Diş və dodaqlarını bir-birinin üstünə qoyaraq təbəssüm etsin, dərindən nəfəs alsın, ağzını təqribən 2 sm açsın. Bir neçə anlıq əllərinin üstündə otursun və bədəninin ağırlığını hiss etsin. Əgər məktəb və ya mütaliə otağındadırsa, stulun qollarını 3 dəqiqə sıxsın və birdən buraxsın.
Dok. Hüseyn Dehnəvi