Övladlarıma necə nəsihət verim ki, təsir etsin?
Əgər öyüd-nəsihətlərinizin övladlarınıza təsir göstərməsini istəyirsinizsə, aşağıdakı şərtlərə riayət edin:
1. Zəruri hədlə kifayətlənin. Ardıcıl öyüd-nəsihət uşaqların tərsliyinə səbəb olur və onların xoşagəlməz raftarlarını daha da artırır. Unutmayın ki, öyüd-nəsihəti hətta böyüklər də çətin qəbul edirlər.
Nəsihət, verilməsi asan, yeyilməsi isə olduqca çətin olan gənəgərçək yağı kimidir.
2. Nəsihətlərinizə özünüz əməl edin. Bir müqəddəs kəlamda belə deyilir:
"Əgər alim öz elminə əməl etməsə, yağış daş üzərindən sürüşüb düşdüyü kimi, onun nəsihətləri də qəlblərdən sürüşüb düşər."
3. Nəsihətin təsirli olması üçün özünüzlə övladınız arasında səmimi və ruhi əlaqə qurun. Uşaqların ürəyi onlarla səmimi ünsiyyətdə olan valideynlərə meyil göstərir.
İmam Əli buyurur:
"İnsanların qəlbi hürkəkdir. Buna görə də kim onlarla ünsiyyət qursa, ona üz tutarlar".
Səmimi əlaqənin maneələri maqnitin cəzb olunmasına maneçilik törədən dəmir üzərindəki pas kimidir.
4. Nəsihət verən zaman gülərüz olun. Üzün turşudulması nəsihətin təsirinin qarşısını alır.
5. Yumşaq tərzdə danışın və öyüdü aramla verin. Allah-taala Musa ilə Harunu Fironun yanına göndərəndə onlara Fironla mülayim danışmalarını tapşırır.
"Onunla yumşaq danışın". (Ta-Ha surəsi, ayə 44)
6. Gərək, nəsihəti, xüsusilə yeniyetmələrə gizli verəsiniz. Yeniyetmə şəxsiyyət axtarışında olduğu üçün cəmiyyət arasında nəsihət eşitməyi xoşlamır.
7. Öyüd-nəsihət verən zaman öz övladınızın xeyrini nəzərə alın, öz mənafeyinizi düşünməyin. Əgər övladınız verdiyiniz öyüd-nəsihətin öz xeyrinizə olduğunu hiss etsə, həmin nəsihətlərin elə də təsiri olmayacaq.
Dok. Hüseyn Dehnəvi