Hələ məktəbə yaşı düşməyən oğlum başqalarını bıçaqla hədələyir. Onunla necə rəftar edim?
Bu rəftarın müxtəlif kökləri var:
1. Uşaqlıqda bu rəftarın təsbit edilməsi: Ola bilər, övladınız 2, ya 3 yaşında bıçağı götürüb sizə hücum edib və siz sevinc və gülüşlə bu rəftarın onda kök salmasına səbəb olmusunuz. Əziz ata-analara tövsiyə edirik ki, bu kimi hallarda hissə qapılmasınlar və övladlarını yumşaqlıqla və mehribanlıq göstərməklə bu xoşagəlməz işdən çəkindirsinlər.
2. Diqqəti özünə cəlb etmək: Uşağın diqqətə fitri ehtiyacı olduğu üçün, ehtimal edirik ki, o bu əməli ilə özünü göstərmək və həm sizin, həm də başqalarının diqqətini özünə cəlb etmək istəyir. Bu kimi hallarda ona diqqət etməyin. Əmin ola bilərsiniz ki, o, bıçağı sizin ürəyinizə soxmayacaq və nə sizə, nə də başqalarına ziyan yetirməyəcək (əlbəttə, əgər onun əsəb sistemi və ya beynində problem yoxdursa). Əgər təhlükə ehtimalı ciddidirsə, danışmadan durub bıçağı ondan alın.
3. Kobud filmlər: Əksər hallarda uşaqlar kobud filmləri yamsılayırlar. Buna görə də bu qəbildən olan filmlərə baxmaq şəraitini aradan qaldırın.
4. Zəiflik hissi və onun aradan qaldırılması: Bəzən uşaq öz gücünü sübuta yetirmək və zəif cəhətlərini ört-basdır etmək üçün belə iş görür. Onu danlamayın və ona dəyərsizlik, acizlik, bacarıqsızlıq mənfi təlqinlər etməyin.
Bir neçə tövsiyə
A. Bıçağı onun əli çatan yerdən uzaq edin.
B. Münasib və emosional şəraitdə bu işin pis olmasını ona başa salın.
C. Hekayə danışmaqla onu bu əməlin acı nəticələri barədə məlumatlandırın.
Ç. Əgər o bu əməli tərk etsə, onu tərifləməyi və təşviq etməyi unutmayın. “Bıçağı kənara qoyduğun üçün təşəkkür edirəm".-deməyin, belə deyin: "İstəyini sakit şəkildə dediyin üçün çox sevinirəm".
D. Bu əməli davam etdirəcəyi təqdirdə onu ciddi təhdid edin.
E. Onun həmyaşıdları ilə görüşdən məhrum edilməsi də bu işin qarşısını almaq üçün yaxşı üsullardandır.
Dr. Hüseyn Dehnəvi